AMEA-nın iki müxbir üzvü eyni gündə vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) daha iki müxbir üzvü vəfat edib.

KONKRET.az xəbər verir ki, görkəmli tarixçi alim, Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Əliyev yanvarın 8-də 84 yaşında vəfat edib.

Şəki şəhərinin Daşbulaq kəndində anadan olan alim Azərbaycanın tarixi və arxeologiyası sahəsində 300-ə yaxın elmi əsərin, o cümlədən 9 monoqrafiya və kitabın müəllifi idi. Onun Azərbaycanın qədim tarixinin arxeoloji tədqiqi sahəsinə həsr olunmuş “Azərbaycanın tunc dövrü boyalı qablar mədəniyyəti”, “Qədim Naxçıvan”, “Ağsunun tarixi səhifələri”, “Naxçıvan Azərbaycanın tarixi diyarıdır”“Gəmiqaya”, “Naxçıvanın Qədim qala şəhərləri”, “Qədim Qarabağ” kitabları və digər bu kimi əsərləri elmi ictimaiyyətin rəğbətini qazanıb.

Onun tərəfindən 1960-1980-ci illərdə aparılan gərgin və səmərəli axtarışlar sayəsində Naxçıvan Muxtar Respublikası ərazisində 500-dən artıq yeni tarixi abidə aşkar edilib.

Görkəmli kimyaçı alim, Əməkdar elm xadimi, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü Fazilə Səmədova da ötən gün 91 yaşında vəfat edib. Şamaxı şəhərində anadan olan alimin bütün elmi fəaliyyəti neft və neftayırma sənayesi ilə bağlı olub. O, Azərbaycan neftlərinin tərkib və xassələrinin öyrənilməsi, onlardan yüksək keyfiyyətli baza yağlarının alınması üçün yüksək iqtisadi səmərəli texnoloji proseslərin işlənib hazırlanması ilə məşğul idi. Alimin, eləcə də onun yaratdığı məktəbin tədqiqat işlərinin nəticəsi respublikada neft ehtiyatının hesablanmasında, neftlərin çeşidlənməsi, nəqli və emalında istifadə edilib.

F.Səmədova 1991-ci ildə elm sahəsindəki nailiyyətlərinə görə “Azərbaycan Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür. Onun apardığı elmi-tədqiqat işlərinin nəticələri 530 elmi əsərdə, o cümlədən 24 monoqrafiya, 1 publisistik kitab, 64 müəllif şəhadətnaməsi və patentdə əksini tapmışdır. Onun rəhbərliyi altında 20 fəlsəfə və 4 elmlər doktoru hazırlanmışdır.

Xatırladaq ki, yanvarın 7-də Azərbaycanda yarımkeçiricilər fizikası sahəsində tanınmış alim, Dövlət Mükafatı laureatı, “Şöhrət” ordenli, Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri, akademik Bahadır Tağıyev 86 yaşında vəfat etmişdi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva professor Bahadır Tağıyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

PAYLAŞMAQ:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir